“Peşə Təmayüllü Siniflər” 2019-2020-ci tədris ilindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyilə fəaliyyətə başlayıb. Hazırda “Peşə təmayüllü siniflər” respublika üzrə 327 məktəbdə və pilot olaraq 1 xüsusi təhsil məktəbində, 536 sinif və 1 xüsusi təhsil sinfində, 9385 şagird, 1400 müəllim heyəti ilə tədris prosesini davam etdirir. Təmayüllü siniflərdə 4 profil üzrə dülgər, çilingər, aşpaz, kombi-kondisioner ustası, mebel quraşdırma, aqronom, dərzi, qənnadçı, bərbər, manikür və pedikür üzrə mütəxəssis, ofisiant və barista, foto və videoqraf, telefon təmiri üzrə usta, helpdesk, qrafik dizayner, kompüter operatoru peşə ixtisasları tədris edilir.
Peşə təmayüllü siniflərdə təhsil almaq üçün 9-cu sinfi bitirdikdən sonra ərizə ilə peşə təmayüllü siniflərin yerləşdiyi məktəblərə müraciət etmək lazımdır. Bu siniflərdə təhsil alan şagirdlər ümumi təhsil fənləri ilə bərabər müvafiq peşə ixtisasına uyğun həm nəzəri, həm də praktiki dərslər keçirlər. Tədris ilinin sonuda şagirdlər təhsil aldıqları peşə ixtisasları üzrə imtahan verərək dövlət nümunəli sertifikat əldə edirlər. Həmçinin şagirdlərin səriştəliliyinin artırılması məqsədilə onlara “Əsas səriştələr” fənni də tədris edilir.
Ölkə prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”-na əsasən 2026-cı ilə qədər ümumi təhsildə peşə təmayüllü siniflərin fəaliyyət göstərdiyi məktəblərin xüsusi çəkisinin 15%-ə çatması planlaşdırılıb.
Peşə təmayüllü siniflər 10-11-ci siniflərdə oxuyan şagirdlər üçün nəzərdə tutulub və ümumi təhsil məktəblərinin nəzdində faəliyyət göstərir. Peşə təmayüllü sinifdə təhsil almaq üçün 9-cu sinfi bitirdikdən sonra şagird ərizə ilə öz məktəbi və ya peşə təmayüllü sinfin yerləşdiyi məktəbə müraciət edib məktəb dəyişikliyi etməlidir.
“Peşə Təmayüllü Siniflərin Təşkili” layihəsi çərçivəsində 4 profil ( kənd təsərrüfatı, təmir-tikinti, xidmət, İT) üzrə 16 peşə ixtisası tədris edilir. Bunlar aşağıdakılardır: Aqronom, Kombi-kondisioner ustası, Dülgər, Mebel quraşdırma ustası, Çilingər, Aşpaz, Bərbər, Dərzi, Qənnadçı, Helpdesk, Qrafik-dizayner, Kompüter operatoru, Manikür və pedikür üzrə mütəxəssis, Ofisiant və barista, Fotoqraf və videoqraf, Telefon təmiri üzrə usta.
X-XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin yaradılmasında əsas məqsəd şagirdlərin müxtəlif peşə ixtisasları üzrə ilkin bilik və bacarıqlara yiyələnməyinə şərait yaratmaqdır. Şagirdlərə sahibkarlıq bacarıqları aşılamaq və əmək bazarının tələblərinə uyğun kadrların yetişdirilməsi də layihənin məqsədlərindəndir.
Peşə təmayüllü siniflərdə müvafiq vakansiya olduqda sosial media səhifələrində elan paylaşılır. Hər vakant yer üzrə imtahanda ən yüksək nəticə göstərən ilk üç namizəd müsahibə mərhələsində iştirak edir. Müsahibəni uğurla başa vuran namizədlərlə əmək müqaviləsi bağlanılır. Müsahibədə digər namizədə nisbətən aşağı bal toplamış digər uğurlu namizəd ehtiyat bazasına əlavə olunur. Tədris ili müddətində vakant yer yaranarsa həmin namizədlər dəyərləndirilir.
@Bütün hüquqlar qorunur - 2023.