“Peşə Təmayüllü Siniflər” 2019-2020-ci tədris ilindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyilə fəaliyyətə başlayıb. Hazırda “Peşə təmayüllü siniflər” respublika üzrə 196 məktəbdə 232 sinif, 4000-dən çox şagird, 694 müəllim heyəti ilə tədris prosesini davam etdirir. Təmayüllü siniflərdə 4 profil üzrə dülgər, çilingər, aşpaz, kombi-kondisioner ustası, mebel quraşdırma, aqronom, dərzi, qənnadçı, bərbər, helpdesk, qrafik dizayner, kompüter operatoru peşə ixtisasları tədris edilir.
Peşə təmayüllü siniflərdə təhsil almaq üçün 9-cu sinfi bitirdikdən sonra ərizə ilə peşə təmayüllü siniflərin yerləşdiyi məktəblərə müraciət etmək lazımdır. Bu siniflərdə təhsil alan şagirdlər ümumi təhsil fənləri ilə bərabər müvafiq peşə ixtisasına uyğun həm nəzəri, həm də praktiki dərslər keçirlər. Tədris ilinin sonuda şagirdlər təhsil aldıqları peşə ixtisasları üzrə imtahan verərək dövlət nümunəli sertifikat əldə edirlər. Həmçinin şagirdlərin səriştəliliyinin artırılması məqsədilə onlara “Əsas səriştələr” fənni də tədris edilir.
Ölkə prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”-na əsasən 2026-cı ilə qədər ümumi təhsildə peşə təmayüllü siniflərin fəaliyyət göstərdiyi məktəblərin xüsusi çəkisinin 15%-ə çatması planlaşdırılıb.
Peşə təmayüllü siniflər 10-11-ci siniflərdə oxuyan şagirdlər üçün nəzərdə tutulub və ümumi təhsil məktəblərinin nəzdində faəliyyət göstərir. Peşə təmayüllü sinifdə təhsil almaq üçün 9-cu sinfi bitirdikdən sonra şagird ərizə ilə öz məktəbi və ya peşə təmayüllü sinfin yerləşdiyi məktəbə müraciət edib məktəb dəyişikliyi etməlidir.
“Peşə Təmayüllü Siniflərin Təşkili” layihəsi çərçivəsində 4 profil ( kənd təsərrüfatı, təmir-tikinti, xidmət, İT) üzrə 12 peşə ixtisası tədris edilir. Bunlar aşağıdakılardır: Aqronom, Kombi-kondisioner, Dülgər, Mebel quraşdırma, Çilingər, Aşpaz, Bərbər, Dərzi, Qənnadçı, Helpdesk, Qrafik-dizayner, Kompüter operatoru.
X-XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin yaradılmasında əsas məqsəd şagirdlərin müxtəlif peşə ixtisasları üzrə ilkin bilik və bacarıqlara yiyələnməyinə şərait yaratmaqdır. Şagirdlərə sahibkarlıq bacarıqları aşılamaq və əmək bazarının tələblərinə uyğun kadrların yetişdirilməsi də layihənin məqsədlərindəndir.
Peşə təmayüllü siniflərdə müvafiq vakansiya olduqda sosial media səhifələrində elan paylaşılır. Edilən müraciətlər əsasında tələblərə uyğun namizədlərlə birinci mərhələ imtahanlar təşkil edilir. İkinci mərhələdə isə namizədlərə tapşırıq verilir və üzbəüz görüşlə kandidat öz təqdimatını həyata keçirir. İkinci mərhələdə ən yaxşı nəticə göstərmiş namizədə əməkdaşlıq təklif edilir. Namizədlər arasında nəticələri yaxşı olan digər şəxslər də varsa, ehtiyat siyahısına əlavə edilir. Gələcəkdə ehtiyac olarsa həmin kandidatla yenidən müsahibə təşkil edilir.
@Bütün hüquqlar qorunur - 2023.