Aprelin 2-də Kənan Kərimzadə Lənkəran rayonuna səfər edib.
Səfər çərçivəsində nazir müavini Lənkəran şəhəri Azər Məhərrəmov adına 7 nömrəli tam orta ümumtəhsil məktəbində tədris prosesi və məktəbin infrastrukturu ilə yaxından tanış olub. O, həmçinin təhsil müəssisəsində fəaliyyət göstərən peşə təmayüllü siniflərə baş çəkib. Şagirdlərin erkən yaşda ixtisas yönümlü bilik və bacarıqlar əldə etməsi istiqamətində görülən işlər yüksək qiymətləndirilib. Qeyd olunub ki, bu siniflərin məzunlarının əhəmiyyətli hissəsi peşə təhsili müəssisələrinə qəbul olunur.
Nazir müavini “Mebel quraşdırma üzrə usta köməkçisi” ixtisası üzrə təhsil alan şagirdlərlə həmsöhbət olub, onların hazırladıqları layihələrlə də yaxından tanış olub və səmimi müzakirələr aparıb. Daha sonra “İKT kompüter operatoru” ixtisası üzrə təhsil alan şagirdlərin dərs prosesini izləyib, müəllim heyəti ilə fikir mübadiləsi aparıb.
Görüş zamanı şagirdlərə seçdikləri peşə istiqamətində uğurlar arzulayan nazir müavini, onların bu sahədə biliklərini daha da inkişaf etdirmələrinin və ixtisaslarını dərindən mənimsəmələrinin vacibliyini vurğulayıb.
@Bütün hüquqlar qorunur - 2023.