info@peshesinifleri.edu.az 051 206 82 48

“Peşə təmayüllü siniflərin təşkili” layihəsi “İlkin bacarıqlardan davamlı inkişafa” adlı hesabat tədbiri keçirib.

“Peşə təmayüllü siniflərin təşkili” layihəsi hesabat tədbiri keçirib. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyilə fəaliyyət göstərən “Peşə təmayüllü siniflərin təşkili” layihəsi dekabrın 18-də 2019-2023-cü tədris illərinin yekunlarına həsr olunan “İlkin bacarıqlardan davamlı inkişafa” adlı hesabat tədbiri keçirib. “Four Seasons Baku” hotelinin Segah zalında təşkil edilən tədbirdə elm və təhsil nazirliyi və tabe qurumların rəhbərləri, məktəb direktorları, Peşə təmayüllü siniflərin əməkdaşları, müəllim-şagird kollektivi, özəl sektor nümayəndələri və bloqerlər iştirak ediblər. Tədbirin keçirilməsində məqsəd layihənin pilot olaraq fəaliyyət göstərdiyi 2019-2020, 2020-2021, 2021-2022-ci tədris illəri ərzində fəaliyyətinin yekunlarına dair məlumatı ictimaiyyətə təqdim etmək, əldə edilən uğurları bölüşmək, gələcəkdə nəzərdə tutulan fəaliyyətlərdən bəhs etmək olub. İştirakçılar Peşə təmayüllü sinif şagirdlərinin hazırladıqları əl işlərindən ibarət sərgi stendlərinə baxış keçirdikdən sonra Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin müşaviri Elnur Əliyev tərəfindən tədbir rəsmi olaraq açıq elan edilib. Hesabat tədbirində çıxış edən təhsil nazirinin müavini Həsən Həsənli layihənin əhəmiyyətindən danışıb və qeyd edib ki, Peşə təmayüllü siniflər şagirdlərin erkən yaşda maraqlarının müəyyənləşdirilməsi üçün olduqca önəmlidir. Nazir müavini bu siniflərdən məzun olan şagirdlərin əmək bazarına daha hazırlıqlı olduqlarını qeyd edib. Peşə təmayüllü siniflərin fəaliyyətindən bəhs edən videoçarxın izlənilməsinin ardından layihənin rəhbəri Xanım Şabanova 2019-2023-cü tədris illərində əldə edilən keyfiyyət nəticələrini özündə əks etdirən təqdimatı ictimaiyyətlə bölüşüb. Qeyd edilən məlumatlar iştirakçılar tərəfindən maraqla qarşılanıb. Çıxış edənlər arasında Peşə təmayüllü siniflərin şagird, valideyn və məzunları da olub. Sonra tədbirin xüsusi hissəsi olan “Ümumi təhsildən əmək bazarına: çətinliklər və fürsətlər” mövzusunda panel müzakirə təşkil olunub. Layihənin rəhbəri Xanım Şabanovanın moderatorluq etdiyi müzakirədə təhsil üzrə beynəlxalq ekspert Rainer Gerke, Azərbaycan HR İnstitutunun direktoru Emil Hüseynov və Future Bright şirkətinin Azərbaycan üzrə ölkə direktoru, peşəkar kouç Könül Əliyeva iştirak ediblər. Tədbirin sonunda təhsil nazirinin müavini Həsən Həsənli tərəfindən Peşə təmayüllü siniflərin təşkilində və icrasında əməyi keçən əməkdaşlar təşəkkürnamə ilə təltif ediliblər. Qeyd edək ki, “Peşə təmayüllü siniflər” 2019-2020-ci tədris ilindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyilə fəaliyyət göstərir. Ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsinə şərait yaradan peşə təmayüllü siniflərin sayı 196 məktəbdə 4000-dən çox şagirdi əhatə edir. Ölkə prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”-na əsasən 2026-cı ilə qədər ümumi təhsildə peşə təmayüllü siniflərin fəaliyyət göstərdiyi məktəblərin xüsusi çəkisinin 15%-ə çatması planlaşdırılıb.

@Bütün hüquqlar qorunur - 2023.